Pandemiyada şagirdlərin sağlamlığı necə qorunacaq?

 

“Orta məktəblərdə şagird sayından asılı olaraq, tibbi kabinet ayrılmalı, burada ixtisaslı kadrlar işləməlidir. Həmin kabinetlərdə çalışan tibb bacıları uşaqların sağlamlığını nəzarətdə saxlamalı, ehtiyac olduğu anlarda onlara dərhal ilkin yardım göstərməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili Şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib. O, qeyd edib ki, xəstəliyi keçirən uşaqlar həkim nəzarətində olmalı, şagirdlər mütəmadi olaraq, profilaktik baxışdan keçirilməli və hər hansı bir xəstəliyə şübhəli olanlar dərhal təcrid edilməlidir.

A. Zeynalova bildirib ki, təhsil müəssisələrinin açılması havaların soyuması və nəticə etibarilə, xəstəliklərin baş qaldırması dövrünə təsadüf edir: “Payız-qış fəsillərində havaların soyuması, təlim-tərbiyə ocaqlarında uşaq və yeniyetmələrin bir-biri ilə yaxın təmasda olması və bəzən immunitetlərinin zəifliyi, otaqların sıxlığı, əks epidemik rejimin tam gözlənilməməsi ilə əlaqədar tənəffüs yollarının kəskin infeksion xəstəliklərinə səbəb olur. Uşaq və yeniyetmələrin infeksiyalara qarşı müqavimətini artırmaq üçün onların rasional qidalanması, gigiyenik gün və dərs rejimi, təlim-tərbiyə ocaqlarında və evdə daim optimal şərait ilə təmin olunması vacibdir”.

 

Qafqazinfo.az